ALMANİYA

Ümumi məlumat: Almaniya Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır. Əhalisinin sayı 82 milyon olan Almaniya Avropa İttifaqının ən çox insan yaşayan ölkəsidir. Ən böyük şəhərləri: Berlin (əhalisi 3,4 milyon), Hamburq (1,7 milyon), Münhen (1,3 milyon), Köln (1,0 milyon) və Frankfurt am Main (650.000) dir. Almaniya hər birinin öz konstitusiyası, parlamenti və hökuməti olan 16 əyalətdən ibarətdir.

NİYƏ ALMANİYA?

  • Almaniya - Avropada ən aşağı təhsil haqları ilə seçilən bu ölkəni tərcih eləmək üçün bir digər səbəb - DAAD, bir çox digər daxili təqaüd proqramlarının və bitirdikdən sonra ölkədə qalıb işləmək icazəsinin olmasıdır.
  • Xaricdə təhsil üçün ən yaxşı ölkələrdən biri hesab olunan Almaniya 2017-ci ilin reytinq sıralamasına əsasən, Birləşmiş Krallıq və Hollandiya kimi populyar ölkələri də geridə qoyaraq sıralamaya liderlik edib.

Almaniyanın hansı universitetlərində təhsil haqqı ödəmədən oxumaq mümkündür?

  • 2014-cü ildə Almaniyanın 16 ştatında həm yerli, həm də xarici vətəndaşlar üçün təhsil haqqı ləğv edilib və tələbələrdən sadəcə semestr rüsumu (150-250 avro) ödəmək tələb olunur. 300-dən çox dövlət universitetində, ümumilikdə, 1.000-dən çox tədris proqramı sayəsində ingilis və ya alman dilində ödənişsiz təhsil seçiminiz olduqca genişdir. Bu universitetlər sırasında:
  • Ludwig Maximilians University Munich (LMU)
  • Goethe University Frankfurt
  • RWTH Aachen University
  • University of Münster
  • Ruhr University Bochum
  • University of Duisburg-Essen
  • Universität Hamburg
  • FAU Erlangen-Nürnberg
  • Technical University of Munich (TUM) və digərlərini nümunə göstərmək olar

Almaniyada dövlət universitetlərinin təhsil haqlarını ləğv etməsinin səbəbləri nədir?

  • Ümumilikdə, almanlar təhsilin kommersiya məhsulu kimi dəyərləndirilməsini qəbul etmirlər və ali təhsilin ödənişsiz olmasının əhali üçün iqtisadi artıma səbəb olduğuna və yaşayış səviyyəsini yüksəltdiyinə inanırlar. Yaxın keçmişdə, dövlət universitetlərində illik təhsil haqqı 1000 avro dəyərində olsa da, ictimai aksiyalardan sonra 2014-cü ildə təhsil haqqı təkrarən ləğv edilmişdir.
  • Həmçinin, son illərdə Alman hökuməti immiqrasiyanın iqtisadi və sosial faydalarını analiz edərək, beyin axınının ölkəyə daxil olması və məzun olduqdan sonra da ölkədə qalmasının yararlı olacağına qərar verdiyindən xarici vətəndaşlar üçün də təhsil haqları minimuma endirilmiş və ləğv edilmişdir.

Təhsil haqqı tələb edən dövlət universitetləri hansı ştatlardadır?

  • Baden-Württemberg ştatında yerləşən dövlət universitetlərində (Stuttgart, Karlsruhe, Mannheim, Freiburg, Heidelberg şəhərləri) təhsil haqları semestr üzrə 1500 avro təşkil edir. Bu rəqəm isə Avropanın digər ölkələri ilə müqayisədə çox münasibdir.